Səksən yaşlı "gənc" rəssam.

in #tr6 years ago

Grandma-Moses-RA-patient-profile-RM-1440x810.jpg
1939-cu ilin fevral ayı idi, Nyu-Yorkda yaşayan mühəndis Luis Kaldor yaxınlıqdakı kiçik bir qəsəbənin içindən keçirdi. Kaldor həm də, o dövrdə ən zəngin rəsm kolleksiyası olan məşhur kolliksionerlərdən biri idi. Əczaxananın yanından keçərkən onun gözü vitrindən asılmış rəsmlərə sataşdı. Bu sadə rəsmlər nədənsə mühəndisi həyəcanlandırdı, o, dükana daxil olub satıcıdan rəsmlərin müəllifinin kim olduğunu soruşdu. Satıcı cavab verdi ki, kəndlərində qəribə bir qadın yaşayır, çəkdiyi rəsmləri adamlara hədiyyə verir. O da, öz hədiyyəsini vitrinə qoymaq qərarına gəlib.
Yarım saat sonra Kaldor bu qadının evində idi. O, həvəskar rəssamdan bütün rəsmlərini göstərməsini, sonra isə satmasını xahiş etdi. Bir neçə əsəri çox baha olmayan qiymətə alan Kaldor, qadına onu məşhurlaşdıracağını deyib getdi.
0_d3008_de84886f_orig.jpg
Sonrakı bir il ərzində Luis Kaldor həmin əsərləri Nyu-Yorkda "Sent-Etyen" qalereyasında nümayiş etdirməyə başladı, rəsmlər cəmiyyətdə böyük maraq oyatdı. 1940-cı ildə Anna Mozes adlı bu xanımın ilk sərgisi açıldı, bu onun səksən illik yubileyinə ən gözəl hədiyyə idi...
Anna Meri Robertson 1860-cı ildə Nyu-york yaxınlığındakı kiçik bir qəsəbədə kasıb bir ailədə doğulmuşdu. Onun bütün ömrü fermada işləməklə keçmişdi. Anna on iki yaşından başlayaraq varlı qonşuların evində qulluqçu işləməyə məcbur idi. Təhsil almağa imkanı və vaxtı olmadığına görə sadəcə bir az yazmağı və oxumağı öyrənə bilmişdi.
İyirmi yeddi yaşında Anna özü kimi kasıb bir insanla ailə qurdu. Onlar on səkkiz il birlikdə dayanmadan müxtəlif fermalarda işlədilər. Bu illər ərzində Annanın on uşağı doğuldu, onlardan beşi öldü.
On səkkiz il sonra zəhmətkeş ailə çətinliklə topladığı pulla nəhayət ki, kiçik bir ferma ala bildi. Bu zaman Annanın qırx beş yaşı var idi və o, hələ heç vaxt rəsm çəkmək həvəsinə düşməmişdi...
0a850b.jpg
1927-ci ildə Annanın əri vəfat edir, fermanı kişik oğlu idarə etməyə başlayır. Altmış yeddi yaşlı qadının iş yükü xeyli azalır. Uşaq yaşlarından dayanmadan işləməyə alışmış Anna işsiz qala bilməzdi, o, başını qatmaq üçün tikiş tikmək həvəsinə düşür. Rəngli saplarla tikdiyi tikmələrdə o, daha çox təbiət mənzərələrini təsvir edirdi.
Uzun illərin yorğunluğu, ağır əmək zərif qadın bədəni üçün nəzərdə tutulmayıb. Elə buna görə də yetmiş altı yaşındaykən Annanın oynaqlarında artrit xəstəliyi yarandı və o, daha tikiş tikə bilmədi. Bu, ahıl qadın üçün dözülməz bir işgəncə idi. İşsiz qalmaq, heç nə ilə məşğul olmamaq-bu sözlər bizim qəhrəmanımıza tanış deyildi. Qızı ona darıxmamaq üçün rəsm çəkməyi məsləhət gördü və Anna ilk dəfə yetmiş altı yaşında ikən əlinə fırça aldı. Elə həmin andan Anna Mozesin uşaq sadəliyi ilə çəkilmiş səmimi rəsmləri yaranmağa başladı. Və o, özü də bilmədən Amerika Primitivizm rəssamlıq cərəyanının ən parlaq nümayəndəsinə çevrildi.
babushka_mozes7.jpg
Anna günün çox hissəsini rəsm çəkməklə keçirir, sonra çəkdiyi şəkilləri dostlara, qonşulara hədiyyə verirdi. Bu, ətrafdakı insanlara bir az qəribə görünürdü. Çünki, bir çox insanlar yetmiş altı yaşından sonra hər şeyin bitdiyni düşünür və zamanını sadəcə oturub ölümünü gözləməklə keçirir.
Anna Mozes belə düşünmürdü, ömrünü fermaya və uşaqlarına həsr etmiş qadın hələ indi firavan həyat sürməyə başlamışdı. O, hələ yaşamaq və həyatdan bacardığı qədər zövq almaq istəyirdi, çünki daha əvvəllər buna vaxtı və imkanı olmamışdı.
Anna rəsmlərində gördüklərini və yaşadıqlarını təsvir edirdi- bazar yarmarkalarını, kənd bayramlarını və toylarını. Daha çox qış və yay mənzərələrini çəkirdi-amma bunların arasında qış mənzərələri üstünlük təşkil edirdi. Onun əsərləri bir az uşaq rəsmlərinə oxşayırdı, bu şəkillərdə heş vaxt əyalətdən kənara çıxmamış sadəlövh fermer qadının səmimi hissləri, xatirələri əks olunurdu.
1Anna Mary 'Grandma' Robertson Moses (1860-1961). I'll Catch. Oil  on board . 27.9 x 40 cmm. Painted in 1955 and 1956.JPG
Mozes nənə rəssamlığa başladıqdan sonra həyatı dəyişdiyi kimi qəlbi və ruhu da dəyişdi, sanki ətrafda hər şey onu üçün yeni idi, o artıq gördüyü ən sadə hadisələrə və predmetlərə yeni rəsm mövzusu kimi baxırdı.
Rəsm çəkmək Anna Mozesi yaşlı kənd qadınının bədbin və yeknəsəq həyat vərdişlərindən xilas etdi. O, daha mətbəx stolunun arxasında oturub saatlarla fikrə dalmır, yaxud evin arxasında gizlicə toyuqlarla söhbət etmirdi. İndi onun yeni dünyası var idi. Rənglər və xatirələr dünyası...
1941-ci ildə Mozes nənənin Yaponiyada və bir neçə Avropa ölkələrində də sərgisi keçirildi. Şöhrət və pul Mozes nənəni dəyişmədi, o yenə əvvəlki kimi kənddə sadə həyatını yaşamaqda davam edirdi. Yeni rəsmlər çəkir, qalereyalardan və kolleksioenlərdən sifarişlər alırdı.
Ahıl rəssamın həyatı qaynayırdı, o dayanmadan işləyir, yeni insanlarla tanış olur və həyata hər gün bir az daha artıq bağlanırdı. O, deyirdi" Qocalığım mənim gəncliyim oldu"
Grandma-Anna-Robertson-Moses-Quilting-Bee.JPG
Bütün bunlar nə qədər xoş olsa da, bəzən yaşlı qadını yorurdu, hər zaman səs-küylü şəhərlərdən, dəbdəbəli mərasimlərdən öz sakit kəndinə, rahat və sadə evinə dönmək istəyirdi.
Doxsan yaşında Anna Mozesin sağ əli tamamilə gücdən düşdü, oynaq ağrıları bir az da inkişaf etmişdi. O, bu dəfə də sol əli rəsm çəkməyə başladı. Ömrü boyu həsrətində olduğu dincliyi rəngkarlıqda tapan Anna daha fırçasından ayrıla bilməzdi. Bu, artıq onun həyat tərzinə çevrilmişdi.
Mozes nənə dövrünün ən məşhur insanına çevrilmişdi, onun fotoşəkillərinə tez-tez dəbli jurnalların üz qabığında rast gəlmək olardı. Prezident Trumen şəxsən rəssamı Ağ evə dəvət etmişdi. 1960-cı ildə Mozes nənənin yüz yaşı tamam oldu və bu, ölkədə ümumi bir bayrama çevrildi. Nyu-York ştatının qubernatoru həmin ili "Mozes nənə" ili adlandırdı.
Anna Mozesin yaradıcılığı tənqidçilər tərəfindən həmişə müsbət qarşılanmırdı. Bir dəfə onun məşhurlaşması bir tənqidçi tərəfindən belə şərh olunmuşdu: "Mozes nənənin Amerika incəsənətini təmsil etməsi Avropalıların xoşuna gəlir, onlar bizim sadəlövhlüyümüzü tərifləyir, bundan böyük zövq alırlar. Çünki onların bizdən gözlədikləri məhz budur-Mozes nənə və onun cızma-qaraları."
Bəlkə də mehriban Mozes nənə bu sözləri heç oxumamışdı, tənqidçilərin fikirləri onu narahat etmirdi. O, rəsm çəkməyə başlayarkən bunun müqabilində məşhur olacağı və varlanacağını düşünməmişdi. Tanınmaq və ya şöhrət qazanmaq kimi bir istəyi də yox idi. Buna görə də haqqında deyilən tənqidi fikirlər onu qətiyyən məyus etmirdi.
Mozes nənə 1961-ci ildə yüz bir yaşında vəfat etdi. O, öz varlığı və yaradıcılığı ilə Amerikanın nikbinlik mücəssəməsinə çevrilmişdi. Bütün sərgilərdə və görüşlərdə Anna jurnalistləri, rəssamları yalnız öz rəsmləri ilə deyil, həm də sadəliyi və xeyirxahlığı ilə heyrətləndirirdi. Elə buna görə də Bütün Amerika onu" Mozes nənə" deyə çağırırdı.
Rəssamlıqla məşğul olduğu iyirmi beş il ərzində Mozes nənə min altı yüzdən çox rəsm əsərləri yaradıb. Əsərləri sağlığında və ölümündən sonra da baha qiymətə satılıb.
moses-52-artfond.jpg
"Yetmiş altı yaş rəsm çəkməyə başlamaq üçün ən məqsədəuyğun vaxtdır" Mozes nənə belə demişdi. O, rəsm çəkməyə başladıqdan sonra iyirmi beş il parlaq, maraqlı və çoxlarının həsəd apara biləcəyi bir həyat yaşadı. Bəlkə də onun belə uzun ömürlü olmasına incəsənətlə məşğul olması səbəb olmuşdu.
Mozes nənə xəstəlikdən və qocalıqdan yapışıb bir küncdə lazımsız əşya kimi büzüşən insanları sevməzdi. O, yaşlı insanların ilham mənbəyinə çevrilmişdi. Yüzlərlə yaşlı və xəstə insanlar əllərinə fırça alıb şəkil çəkir və bunun sağlamlıq üçün xeyirli olduğunu iddia edirdilər. Onun sərgisinə gələnlərin çoxu yalnız rəsmlərə baxmaq üçün deyil, həm də Mozes nənənin nurlu və isti təbəssümünü görmək üçün gəlirdilər.
Mozes nənə deyirdi " Mən həyatımdan çox razıyam, biz həyatımızı öz istədiyimiz kimi yönləndiririk. Bu həmişə belə olub və belə də olacaq."

Sort:  

Çox gözəl yazı və gözəl əsərlər. Bəyəndim.

Təşəkkür edirəm.

Gozel işlerdi👍

Əslində bir az uşaq rəsmlərinə bənzəyir sanki, primitivizm cərəyanına məxsus əsərlərdir. 76 yaşında ilk dəfə əlinə fırça alan bir qadın üçün dahiyanə yaradıcılıq sayılır.

Paylaşdiqlarinizdan hiss olunur ki sizdede incesenet ruhu var 👍

Bəli bir az var. Rəssamlarla daha çox maraqlanıram.

👍👍👍🤗

Coin Marketplace

STEEM 0.27
TRX 0.12
JST 0.031
BTC 57842.09
ETH 2895.96
USDT 1.00
SBD 3.56