"Mən kor deyiləm"-Filip Barlou.

in #tr7 years ago

2003-cü ildə Keyptaun şəhərində Filip Barlou adlı rəssamın sərgisi keçirilirdi. Sərgiyə gələnlər arasında rəssamın yaradıcılığı ilə tanış olmayanlar çox idi və onların çoxu Barlounun kor olduğunu yəqin etdi. Bir qrup tamaşaçı isə heç vaxt görmədikləri maraqlı bir üslubla rastlaşdığını anladı.
Əslində rəsm əsərlərində şəhər həyatının adi günləri təsvir olunmuşdu. İnsanlar küçələrdə vurnuxur, harasa tələsirlər. Amma bütün bunlar uzaqdan, sanki pərdə arxasından görünürdü. Bütün əsərlərdə hər şey sayrışırdı-insanlar, küçələr, maşınlar...

1-JhcE3iXbpEAmhQRWu2RKoA.jpeg
Əvvəlcə bu tamaşaçıların gözünü qamaşdırdı, sonra onlar buna alışdılar və dünyaya torlu gözlərlə baxmağın heç də dəhşətli bir şey olmadığını anlamağa başladılar.
Rəssam həyata gözləri zəif görən insanların baxışları ilə baxmış və bunu boyalarla canlandırmışdı. O, bu üslubu belə insanlara yazığı gəldiyi üçün deyil, həyatın hətta güclə seziləcək qədər zəif göründüyü anlarda belə nə qədər gözəl ola biləcəyini anlatmaq üçün seçmişdi.

1-ErtEN8xvzGq_G5GYPKiqvQ.jpeg
Filip Barlou 1968-ci ildə Cənubi Afrikanın Pitermaritsburq şəhərində doğulub. Təsviri incəsənətin qrafika sahəsində təhsil alan gənc rəssam 1991-94 cü illər arasında bütün Avropanı gəzərək yenilik axtarışında idi.
Bu illər ərzində o, kömür və pastel boyaları ilə beş yüz portret, səkkiz freska, sulu boya ilə iki yüz rəsm çəkdi.
Avropadan qayıtdıqdan sonra rəssam altı il yalnız freska çəkməklə məşğul oldu. O, müxtəlif evlərin divar və tavanını bəzəməklə həm sənətindən zövq alır, həm də pul qazanırdı.
Filip freska çəkməyi sevirdi, amma bütün ömrünü beləcə divarlara rəsm çəkməklə keçirmək istəmirdi. O, məşhur olmaq, fərqlənmək arzusunda idi. Bunun üçün nə isə yeni və fərqli bir üslub tapmaq lazım idi.
2002-ci ildə rəssam yağlı boya ilə çəkdiyi sadə bir rəsmin üzərində eksperiment apardı və bu rəsm onun həyatını dəyişdi.

00350.jpg
O, bu üslubda peşəkarlıqla işləmək üçün aylarla çalışdı, müxtəlif variantlar düşündü və nəhayət istədiyini əldə etdi.
Filip rəsmlərini uzağı yaxşı görməyən insanların gördüyü kimi çəkməyə başladı. İnsan siluetləri, əşyaların konturları qeyri dəqiq, şəklin üzəri isə əlvan rəngli, parlaq ləkələrlə örtülmüş olurdu. Bir sözlə- rəsmlərdəki obyektlər hamısı yayılmış, dağınıq vəziyyətdə idi. Əşyalar insanlara, insanlar təbiətə qarışmışdı. Onun əsərlərində dünya yeni, abstrakt bir görkəm alırdı.
20131303141259_0.jpg

2003-cü ildə Barlounun " İşığın mahiyyəti" adlı ilk sərgisi keçirildi. Sərgi tamaşaçılar tərəfindən birmənalı qarşlanmadı. Bəziləri Barlounu korları və zəif görən insanlar ələ salmaqda qınayırdı, digərləri isə onun- normal görən insanın bu hissləri necə hiss edə və canlandıra bildiyini düşünürdü.
Rəssama da elə bu lazım idi-insanları düşündürmək, onların beynində və ürəklərində özünə yer tapmaq. O, bunu bacardı, dünyanı şöhrət və pul gəmisində səyahətə çıxdı.

original.jpg
Bu sərgidən sonra ardıcıllıqla rəssamın daha dörd şəxsi sərgisi keçirildi-"Parıltı", "İşıq", "Buxarlanma", "İşıqlı qatar"...
Bundan başqa onun əsərləri dəfələrlə müxtəlif sərgilərdə nümayiş olunub və indi də olunmaqdadır.
Rəssamın yaradıcılığında daha çox gündəlik həyat tərzi öz əksini tapır. İnsanlar və maşınlar küçələrdə şütüyür, hamı harasa tələsir.
Barlounun "Portret" adlı silsilə əsərlər toplusunda, qəhrəmanlar yenə də adi şəhər adamlarıdır. Ön planda insan normal- yəni açıq-aydın təsvir olunsa da , fon yenə də illyuziyalarla zəngindir.
Ümumiyyətlə o, uzun illər ərzində yaratdığı əsərlərini bir neçə ad altında qruplaşdırmışdı. "Şəhər", "Gecə", "Dəniz", "Səma".

1-pLpNUQVdI3NeHAXDQ6aPkg.jpeg
Filip Barlou bizə dünyaya dumanlı nəzərlərlə baxmağı və bunun heç də çətin olmadığını sübut etmək istəyirdi.
Rəsmlər zəif görən insanların dünyasına o qədər yaxındır ki, sərgilərdə bəzi tamaşaçılar mexaniki olaraq gözlərinə eynək taxırdılar, onlara elə gəlirdi ki, eynək taxsalar hər şeyi daha aydın görəcəklər.
Bəziləri isə eynəyini, ya da linzalarını çıxararkən gözləri qarşısında hər şeyin bu rəsmlərdəki kimi qarışdığını xatırlayırdı.
ilk baxışda tabloda baş verənləri anlamaq bir az çətin olur, bir neçə dəqiqədən sonra tamaşaşı fantaziyasını işə salmağa məcbur olur və rəsmi oxumağa çalışır.

1-C496P26ynKJpPp7PkymLrA.jpeg
Rəssamın yaradıcılığının kommersiya məqsədi daşıdığını, rəsmlərin heç də xoşagələn olmadığını deyənlər də tapılıb. Düzdü, Barlou bu üslubda çəkəndən sonra şöhrət qazandı, amma o, fərqlənərək məşhurlaşmış və bununla da həyatını təmin edən ilk rəssam deyildi.
Hər halda Filip Barlounun yaradıcılığı bizi başqa bir dünya ilə- uzağı zəif görən insanların dumanlı və parlaq dünyası ilə tanış etdi.
Sərgilərin birində gənc bir tamaşacı sərgi zalını tez bir zamanda təlaşla tərk etmişdi. Səbəbini soruşanda başının fırlandığını, gözü qarşısında hər şeyin bir-birinə qarışdığını və bundan özünü narahat hiss etdiyini söyləmişdi.
Əslində bu, uzağı pis görən insanın eynəksiz vəziyyətinin əlamətləri idi. Barlou bu insanların torlu nəzərlərini dəqiqliklə yarada bilmişdi.
Rəssamın yaradıcılığı haqda dolaşan fikirlərdən biri də bu idi ki, o özü uzağı yaxşı görmür və əsərlərini eynəksiz vəziyyətdə çəkib. Hətta belə olsaydı da, rəssamın yaradıcılığının təsir gücü və təbiiliyi yoxa çıxmayacaqdı. Müsahibələrinin birində Barlou demişdi " Mən kor deyiləm , sadəcə bu hissləri yaşaya bilirəm."
Filip Barlou hal hazırda Cənubi Afrikanın Keyptaun şəhərində yaşayır. O, heç bir qınaqlara, şübhələrə baxmayaraq, eyni üslubda yaradıcılığını davam etdirir.
Barlow2.jpg
Barlounun yaradıcılığı milyonlarla tamaşaçını müxtəlif hiss və maraqlar altında birləşdirir- sevinc, anlaşılmazlıq, zövq. Bu insanların ən əsas ortaq cəhətləri isə işığa can atmalarıdır.
İşıq- rəssamın əsərlərində təbliğ etdiyi yeganə məfhumdur. Onun əsərlərində zülmətdən qaçmaq, günəşə qovuşmaq yanğısı hiss olunur. Barlou öz əsərlərində insanlara həyatın istənilən şərtlərdə dəyərli və şirin olduğunu hiss etdirmək istəyir.
Dumanlı nəzərlər altında çimərlik, şəhər, insanlar bir başqa cür işıqlı və cəlbedici görünür- hətta onun bəzi əsərləri insanda bu hissi yaşamaq arzusu oyadır. Rəssam bəlkə özü də bilmədən həyatı bizə daha çox sevdirir.
Filip Barlounu tanımaq və həyatı sevməyə başlamaq heç zaman gec deyil.

Sort:  

Cox maraqli bir postdu tesekkurler

Siz sağ olun.

Coin Marketplace

STEEM 0.16
TRX 0.15
JST 0.028
BTC 59220.04
ETH 2316.03
USDT 1.00
SBD 2.51