Dost ya bir olar, ya iki

in Steemit Türkiye3 years ago

Doğru dostu tapmaq

Dost və ya dostluq haqqında Molla Cümənin bir bəndi ilə başlasaq pis olmaz. Aşığ deyir ki:

Hilal qaşa nə layiqdir o sürmə,
Meylin qırıb məndən üzün çevirmə,
Cümə deyər, hər yetənə sirr vermə,
Dost mehriban ya bir olar, ya iki.

Hər kəsin dostu vardır. Ən azından dostu olmasa da dost adlandırdığı, dost saydığı insanlar vardır ətrafında. Amma bixim dost bildiyimiz insan həqiqətən dostumuzdur? Biz doğru dostu tapmışıq? Bu gün bu sualların cavabını tapmağa çalışacağıq. Bu aşağıdakı maddələrdə gerçək dostun özəlliklərini sadalayacağam.

  • Hər zaman yanınızda olur. Fərqi yoxdur pis yaxşı zamanlarınızda. Hər zaman sizinlə olur. Siz güləndə sizlə birlikdə gülür. Ağladıqda sizlə birlikdə ağlayır. Sizin dərdinizi öz dərdi, sevincinizi öz sevinci bilir. Siz üzgün olanda içində sevinmir. Sizin kefiniz bir az pis olan kimi onun da kefi olmur.
  • Paxıllıq nədir bilmir. Düzdür hər insanın içində paxıllıq var. Hər paxıllıq isə pis paxıllıq deyil. Lakin əsl dostun içində sizə qarşı nə yaxşı, nə də pis heç bir paxıllıq olmur. Sizin uğurlarınız onu kədərləndirmir. Əksinə sizdən çox o sevinir.
  • Sizi hər zaman dəstəkləyir. Etdiyiniz işlərə, aldığınız qərarlara tənqidi yanaşmır. Səhvinizi axtarıb tapmağa çalışmır. Hər zaman sizə hər kəsdən çox dəstək verən o olur. Əgər qərarınızın yanlış olduğunu düşünürsə, bunu açıq bir şəkildə dilə gətirir, sizi bu qərardan çəkimdirməyə çalışır. Yəni qərarlarınıza tənqidi yanaşmaqla yanlış qərar aldığınızı düşünüb çəkindirməyə çalışması ayrı şeylərdir.
  • Sizin haqqınızda danışılmasına icazə vermir. Bəzən ətrafdakı dedi-qoduları gəlib bizə xəbər verən, "Sənin haqqında belə dedilər." deyən insanları dost bilirik. Bizi düşündüklərini zənn edirik. Ancaq belə deyil. Çünki o həqiqətən dost olmuş olsaydı, bizim haqqımızda danışılmasına icazə verməzdi. Nə də ki, danışan insanlar buna cürət edə bilməzdi.
  • Sizə daim yaxşılıq etməyə çalışır. Sizə yaxşılıq etməyə çalışır və bunu sizdən qarşılıq gözləmədən edir. Hansısa məqam gələndə "Mən sənə bu yaxşılığı etmişdim, sən də mənə etməyə borclusan." demir. Etdiyi yaxşılıqları sırf sizi sevdiyi üçün, sizi xoşbəxt görmək üçün edir. Çünki özü də sizin xoşbəxtliyinizdən xoşbəxt olur.
  • Aranızdakı bağ qopmur. Bəzən bəzi səbəblər olur ki, sizi bir-birinizdən uzaq salır. Aranıza şəhərlər, hətta bəzən ölkələr girir. İllərlə bir-birinizi görmürsünüz. Amma aranızdakı bağ heç vaxt qopmur. Yanınızda olmasa belə hər zaman yanınızda hiss etdirir özünü. Çətin anlarınızda və ya xoş zamanlarınızda yanınızda olmasa belə yanınızda hiss edirsiniz.
  • Sizi olduğunuz kimi qəbul edir. Sizin bütün xasiyyətlərinizi, nələri sevib, nələri sevmədiyinizi bilir. Bəzən xasiyyətləriniz üst-üstə düşmür amma bir-birinizi olduğunuz kimi qəbul edirsiniz. Sizi olduğunuz kimi qəbul edir, sevir və sizi dəyişməyə çalışmır.

boys-1283786_1920.jpg

Əgər ətrafınızda bu xüsusiyyətlərə sahib insan və ya insanlar varsa, gerçək dostu tapmısınız deməkdir və onun dəyərini bilin. İtirməməyə çalışın. Çünki hər kəsə gerçək dostu tapmaq qismət olmur.
Siz nadir, şanslı insanlardansınız.

Mətndə istifadə olunmuş fotolar https://pixabay.com/ saytına aiddir.

İzləyib oxuduğunuz üçün təşəkkürlər.

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 63239.86
ETH 2621.03
USDT 1.00
SBD 2.77