Özümlə baş-başa bir neçə saat || Dünənki gəzintimdən
Dünən axşam son vaxtlardakı ən gözəl axşamım idi , deyə bilərəm. Bilmirəm, niyə, sadəcə çox aydınlıq qazandırdı, rahatlıq verdi mənə.
Axşam idi, çox qəribə bir özümlə baş-başa qalmaq istəyi vardı içimdə. Aldım çantamı belimə, İnşaatçılardan üzü-aşağı Yasamal Parkına tərəf yol aldım. Yenə də ənənəvi qaydada yolu qarışdırdım və 2 kilometrə qədər səhv yol izlədim. ))
Nəsə gec saatlarda parka çatsam da, özümlə çox yaxşı vaxt keçirdim. Nə bilim, həyatımı dəyərləndirdim, özümə suallar verdim, gələcəyim haqqında yaxşıca müzakirələr apardım.
Özü də parkda gəzintimin ən gözəl tərəfi bilirsiniz, nə idi? Stolda oturub öz həyatımı dəyərləndirərkən ətrafımdan keçən onlarla insana baxırdım. İnsanların xəbəri olmadan onlara baxmaq da bir ayrı gözəl hisdir. Kənddə daha çox təbiət qoynunda tək gəzərdim, həyatımı, və ya digərlərinin davranışlarını müqayisə etmək üçün heç kim olmazdı. Burda, Bakıda isə mənzərə fərqlidir. O qədər insan var ki, xəbərləri olmadan davranışlarına baxır, bəzilərinin üzündə sevinci, bəzilərinin üzündə bir şəkildə kədəri, bəzilənin üzündə isə böyük narahatlığı görmək insana dəyişkən hislər verir.
Xüsusilə, dünənki gəzintim zamanı tam da skamiyada oturub öz həyatımı dəyərləndirərkən çox yaşlı bir cütlük qarşımdan keçdi. Kişi əlində əsa yeriməkdə çətinlik çəkdiyi üçün həyat yoldaşı qolundan tutub gəzdirirdi. Bir metri az qala bir dəqiqəyə keçirdilər, o dərəcə yaşlı və bitkin... Qəribə duyğular yaşadım, həmin anda həyatımı daha fərqli bir bucaqdan-yaşlı halımı təsəvvür edərək dəyərləndirməyə başladım. Onlar keçəndən sonra 2 saat daha orda özümlə vaxt keçirdim. Həyatımdakı mənasız məsuliyyətləri, narahatlıqları görmək, ətrafımdakı insanlarla münasibətimdə olan çatışmazlıqları, səhvləri dəyərləndirmək, istədiyim şeylərin ardınca düşmək, özümü daha yaxından bimək yolunda özümlə xeyli söhbətlər etdim. Ən əsası müəyyən qərarlar aldım! Həyatımı qaydasına salmalıyam.
Sizi bilmirəm, şəxsən mən özümlə danışmağı, özümə mahnılar oxumağı çox sevirəm. Yalnız olduğumu heç vaxt düşünməmişəm, hər zaman axtarılan insan olmuşam. Düşünürəm ki, axtarılma səbəbim də insanları dinləmə və motivasiya vermə bacarığımdır. Lakin uzun müddətdir ki, insanlara verdiyim güvəni, sözləri, ən əsası məndən gözlənilən potensialı vermədiyim üçün, özümə istənilən dəyəri vermədiyim üçün , görünən odur ki, ətrafımdakıların inamını itirmişəm.
Dünənki özümlə söhbət mənə çox şey qazandırdı. Özümə bir də Bakıda baxdım. Kim olduğuma...
İnsanın özü ilə baş-başa qalması qədər zövqverici bir şey ola bilməz. Boğucu şəhər həyatında buna vaxt tapmaq çətin olsa da, lazımdır.
Bu arada, bu da gəzdiyim yollar. Kənddə az qala 10 kilometrə qədər gəzən insan indi buralara düşüb. Yadımdan çıxıb actifit-i də qoşmamışam ki, heç olmasa, onu da paylaşam. :D
Oxuduğunuz üçün təşəkkür edirəm, gözəl insanlar!
Son olaraq, diləyim odur ki, hər birimiz həyatımızın nihayi mənasını tapaq. O məna bizi limitlərimizi aşmağa sövq edən bir Mayak olacaq. :)
merhaba;
Steemitte aktif olduğun için teşekkür ederiz.
Var olun! :)