❤Club5050 ❤️// THE DIARY GAME Better Life. // Qutab keyfi.
Hər vaxtınız xeyir olsun. Necəsiniz? Aprel ayı bizim tərəflərin camaatının ağ günə çıxmağına start ayıdı. Cincilim, pəl çıxdısa bizim camaat ölüm yoxdu. Pəl nədi? Deyəsən, elmi adı meşə soğanıdı. Məndən olsa, pəlin elmdən, elmin də pəldən xəbəri yoxdu. Xülasə, bizim camaatın mental bir adəti var. Mütləq hər evdə pəl qutabı bişməlidi. Daha o kasıblığa, varlılığa baxmır. Bizdən elin adətinə xilaf çıxa bilmərik deyə, pəl qutabı ( nənələr qotab da deyir) Adam Bakıdan bura basa - basa gəlib ki, qutab yeyəcəm. Qızımı deyirəm. Bu gün o hadisə baş verdi. Qutab bişmə hadisəsi:)
Deməli, getdik bazara pəl almağa. Oğullar var ki, gedib meşədən özü yığır. Bizdə o imkan yoxdu deyə, bazar xoroşo, deyib ordan aldıq. Tamamilə soğana oxşayır. Doğrayanda da göz yaşardır. Soğanağı da var. Gözəl də ətri var.
Doğrayıb yığdım aşsüzənə ki, suyu süzülsün. Girişdim xəmir yoğurmağa. Külfətimiz azdı və boyat qutabı xoşlamırlar deyə xəmiri az eləməyə çalışdım. Göyərti ilə xəmiri tamı tamına çatdırmaq da bir hünərdi. Mən çatdırdım çatdırmasına da, amma qutab çox oldu.
Qutabınkı odun peçidi. Son vaxtlar elektrik sacında da bişirirlər. Elə bilirəm ki, onlar süni peçdi və süni yeməklərdi. Qutab bişirmək sənətdi əslində. Duzunu ayarlamaq lazımdı. Adi yeməklərdə nə var ki. Bir dəfə atırsan, duzlu olanda su əlavə eləyirsən, şit olanda duz. Burda hər qutabın duzu özünə vurulur.
Yağlı yeyən də var, yağsız yeyən də. Yanında da bol çayı olmalıdı. Yoxsa qutab həzm edilməz. Biz yedik, siz də göz haqqınızı da halal edin. 😊
Nə qədər tərif etsən də görməsəm yadıma düşməz. Sevməm mən onu))