//club5050// The diary game 25.07/2022.Bura Dəşmir yoludu. (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, hər vaxtınız xeyir olsun. Bu gün yenə ana vətənə getmişdim. Doğrudu, xeyirli iş səbəbilə getməmişdim, amma yenə də olsun. Kəndimizə yol çəkirlər. Dəşmir yolu ilə qayıtdıq evə. Bu yolun şüurumda çox özəl assosiasiyası var. Həm nostalji, həm sevgi, həm qorxu. Uşaqlığımız bu yollarda keçib bizim. Hər qarışı doğma, həm də tanışdı mənə.

IMG_20220721_130801.jpg

IMG_20220721_130333.jpg

IMG_20220721_130328.jpg

Vaxt var idi, dünya bizim üçün Dəşmir düzündən ibarət idi. Biz sovet dövrünün uşaqları idik. Dəşmir düzündə valideynlərimiz tütün əkirdi. Məktəbdən gəlib onlara kömək eləməyə gedirdik. Kənddən Dəşmirə yol düz qəbiristanlığın ortasından keçir. Qəbiristanlıq da ki, nə qəbiristanlıq. Nə ucu var, nə bucağı. Deyilənə görə, kəndimiz vaxtilə ərəblərdən gəlmə tayfaların şəhəri olub. Bir az da ağlabatandı. Çünki kənd qəbiristanlğı bu boyda olmaz. Qəbirlər də çox nəhəngdi. Deməli, insanlar ucaboylu olublar qədimdə. Hə, gündüz qəbiristanlığın içindən rahatca keçib gedirdik. Hünərin var axşam da elə qayıt. Hər kolun dibindən, hər ağacın arxasından əcinnələr, cinlər bizə "baxırdı." İnanın ki, o qorxu hələ də canımda qalıb. Hələ də yuxularıma gəlir bu yol, bu qəbirstanlıq. Hələ də atamgilə gedib gecə maşınla bu yoldan keçəndə gözlərimi yumuram. Dəşmir həm də bizim üçün çörək idi, bərəkət idi.

IMG_20220721_130746.jpg

IMG_20220721_130314.jpg

Hər dövrün öz yaxşıları və pisləri var. Ümumiyyətlə, insanlar, varlıqlar, hər şey barədə müsbət düşünməyə çalışan insanam. Elə o avtoritar rejimin də müsbət tərəflərini xatırlayıram. Nə deyirsiniz, deyin xoşbəxt idik o zamanlar. Kasıb idik, mağazalar boş idi. Adicə hind çayını tapa bilmirdik, kərə yağı qıt idi. Adi "qaranquş" şokoladı bizim üçün zənginlik idi. Çox şeyin fərqində deyildik. Dostoyevski bu yerdə deyir ki, çox şeyin fərqində olmaq xəstəlikdi. Azad olduq və xəstələndik. Azadlığın bədəli pozulmuş psixikamız oldu, bir də sağlamlığlmız. İndi bütün dünya ovcumuzun içindədi. Qanadlarımız var, amma uça bilmirik. Bu dünya hara gedir, onu da bilmirik. Gələcəyimizdən çox əndişəliyik. Bu cür düşüncələrlə yola davam edirəm. Qorxulu, eyni zamanda şirin-şirin qaşınan Dəşmir adlı yaram geridə qalır.

IMG_20220721_130756.jpg

Bir azdan qəsəbəmizdi. Böyük kəndimiz. Səfər başa çatır. Bu gecə yenə də Dəşmiri yuxuda görəcəm. Sizə də oxumadığınız üçün təşəkkürlər.

@urcah.com.

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.030
BTC 59391.37
ETH 2525.88
USDT 1.00
SBD 2.47