Beş manatlıq ekzistensiya- "Buqələmun gecə rəngini dəyişmir"

1623930199843_QZm0MyXl.jpeg

Təbiət ölümüzlə yaşayır, yaxud belə: biz – ölübən yaşayırıq.

Bəs nə?! Əbədiyyət ölümdədir!

Bir növ, işığın qaranlıqda var oluşu kimidir bizim yerin üstündə, göyün altında mövcudluğumuz, - yəni, ölümün fonunda.

Biz – ölənin ölümünü yaşayırıq, ölən bizim həyatımızı ölür – buqələmun kimi.

İnsan – yaşamağın buqələmunu...

1623930103245_9B0fVqQv.jpg


“Buqələmun” A kateqoriyalı festivala seçilmiş müstəqil yerli filmlərimizdən ilkidir.

Əfsus... Çoxunun bu filmdən xəbəri yoxdur, xəbəri olanlar da ya vəlvələdən ya zəlzələdən...

Bu da bir dərddir ki, mən gərək ekzistensializm haqda anamın dilində danışım, fəqət öz üslubumu dəyişmək istəmirəm, yəni, “film filan ildə çəkilib”, “deməli, bir nəfər olur...” – kimi cümlələrlə, nəzəri bilgili sələflərimi təkrarlamayım.

Məsələn, istəyirəm, atasının mirasını satıb, Avropaya tələsən Nicatla, haman mirası alan, arvad-uşağını da götürüb vəzifəyə tələsən Əlinin rəngini dəyişən mühit haqda danışım.

O mühit Nicatı atasının dostuna, - belə demək olar: atasını əvəz edən adama qarşı bivec olmağa, Əliyə isə ona atalıq edən, evində yer verən, çörək verən adamın yerinə keçməyi məcbur edir.

Hə? Məcburmu edir?

Bildiyimiz yutub əfsanəsidir. O videoların (Buqələmunların sürətlə rəng dəyişimi haqda videoları deyirəm) çoxu montajdır. Özümdən demirəm, haman videoların montaj olduğu haqda xeyli material var, bu barədə özünüz oxuyarsınız.

Buqələmun sürətlə rəng dəyişmir, o, əslində, öz rənginə uyğun yerdə yaşayır, ya da uzun müddətdən sonra haman yerə adaptə olur.

İki istisna var: bəziləri əsəbiləşəndə müəyyən qədər rəngini dəyişər, bir də boğaz olduqda – bəzi səbəblərdən.

Qənaətim odur ki, Nicat da, Əli də xaraktercə öz rənginə qaçır, mahiyyətcə özlərinə qaçırlar. Əlinin ki yanında yerinə keçmək istədiyi adamı söyürlər, aşağılayırlar, onun üçün fərqi yoxdur, eşitmir, görmür – yəni haman adam kimi söyülməyi, aşağılanmağı gözə alıb, daha doğrusu, həmin adama çevrilmək üçün “gəlib” – bu, məcburiyyət deyil, xarakterdir. Ta Bakıdan özünə gəlib, öz rənginə, öz mahiyyətinə gəlib. Onu Bakıdan kəndə gətirən yol Nicatı o kənddən Avropaya aparan haman yoldur.

Məsələn, filmdəki ağ-qara kadrlar haqda yazmaq istəyirəm. Filmdəki qəhrəmanların – məndən ötrü filmdəki obrazlar hamı qəhrəmandır – hekayənin bir hissəsidir, daha doğrusu, hərənin öz hekayəsi var – gələcəyi görünmür, fəqət keçmişləri – uşaqlıqlığı var, uzaqlığı var, indiləri isə müəyyən deyil, yaxın deyil, aydın deyil, hamı gözləyir; hamı nəfəs gözləyir.

Məsələn, mənə görə, o qaçqın qızın obrazı Günel Mövludun büründüyü yeganə doğrudur. Günel bəlkə də, heç vaxt o qədər özü olmayıb, olmayacaq da.

O obrazı deyirəm ki, keçmişi oğurlanıb, indisi döşəmələrə sürtülməklə, tavanlarda – hörümçək torundan asılı...

Elvin Adıgözəlin dəqiq təsbitləri, yəqinləri məni valeh etdi. Yəqin bu səbəbdəndir ki, Rəfi obrazının aktyorluğunu eləməyib, birbaşa Rəfiyə çevrilib. Hə, onu da deyim ki, aktyorluq eləmək bizim aktyorlarımızın faciəsidir.

Məsələn, filmdə musiqi yoxdur, - bədii həll üçün çox vacib detaldır. Adətən, musiqi boşluğu doldurmaq, lazımi yerdə gərginliyin nidası, lazımi yerdə müəyyən duyğuların ədatıdır, fəqət bu filmdə musiqinin olmayışı, həm də hekayənin fonunda – qəhrəmanların ümidsizliyi, ekzistensiyanın səsidir. Musiqinin səssizliyidir hekayənin nəğməsi.

Filmin qəhrəmanları vərdiş halında yaşayır. Belə deyərəm: Filmin qəhrəmanları eləcə gələn günü axşam etmək, ovlamaq, yatmaq və təzədən yaşamaq vərdişlərini təkrar etməklə məşğuldur.

Buqələmunları xatırlayıram...

Buqələmunlar gecə - yatanda rəng dəyişə - maskalana bilmirlər, onlar yatanda kamuflyaj funksiyasına nəzarəti itirirlər. Ol səbəb daha çox gecə yem olurlar, yəni, poetik desək, gündüz yaşayırlar, gecə ölürlər. Əli kimi, Nicat kimi, mənim kimi...

1623930131723_gztOT4wy.jpg

“Sən hardan biləsən, gecə gələn nədir...”

Yuxu əbədiliyin simvoludur, xatırlatmadır, bizim buqələmun olmadığımız yeganə məqamdır...

Filmdəki ağ-qara kadrlar da – yerin üstündə, göyün altında gələcəyi görünməyən, ekzistensialist labirintdə qaçan-qovan ümidsizlərin keçmişi – yuxusudur...


Filmin hər iki rejissoruna və ssenaristlərinə - Rüfət Həsənova da, Elvin Adgözələ də təşəkkür edirəm!

Bu film Azərbaycan dilində çəkilmiş ən yerli filmdir!

Bəzən görüntü-kadr-mizan problemi var, filmin səsi yaxşı işlənməyib - ki, belənçi texniki çatışmazlıqların səbəbini işin yolçuları yaxşı bilir: pul, pul, pul...

Əlbəttə! Kimdir müstəqil sənət filminə sponsorluq eləyən? Ölkəmizdə sənət filmi ən yaxşı halda dostluğa, tanışlığa ərsəyə gələr... Ki, "Buqələmun" mövcud şərtlər çərçivəsində ən yaxşı nəticələrdən biri, hətta Azərbaycan sənət filminin potensialında çəkilmiş filmdir.

1623930167421_Sp1h5rzu.jpg

Mən sonradan öyrəndim ki, bu filmdə Dadaş Adnanın da əməyi/gözü varmış... Dadaş Adna ölüb, yəni, o bizim həyatımızı ölüb, biz burdayıq, - onun ölümünü yaşayırıq – deməli, Dadaş Adna əbədidir...

Yazı Kulis.az-da yayımlanıb. @omar-khayyam
Ömər Xəyyam Buqələmun gecə rəngini dəyişmir

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.029
BTC 66263.69
ETH 3419.88
USDT 1.00
SBD 2.63