Ay - Yerin yeganə təbii peyki.
Ay — Yerin yeganə daimi təbii peykidir. Ay insanların Yerdən kənarda ayaq basdığı yeganə kosmik cismdir. Ay Günəş sistemində yerləşən peyklər arasında ölçüsünə görə beşinci, ətrafında döndüyü planetin ölçülərinə nəzərən isə birincidir. Ay sıxlığına görə Günəş sistemində sıxlığı məlum olan peyklər arasında İodan sonra ikincidir.
Ayın təqribən 4,5 milyard il bundan əvvəl formalaşdığı ehtimal olunur. Ayın formalaşması ilə bağlı bir sıra fərziyyələr olsa da, ən geniş yayılmış fərziyyəyə görə Yer təqribən Mars böyüklüyündə olan Teya adlı planetlə toqquşmuş və toqquşma nəticəsində boşluğa saçılan maddələr Yerin cazibə qüvvəsi ətrafında hərəkət edərək tədricən Ayı formalaşdırmışdır.
Ay Yerlə sinxronizə olunmuş şəkildə hərəkət edir. Bu səbəbdən də Yerdən baxan müşahidəçi Ayın həmişə eyni tərəfini görür. Ayın Yerdən görünən tərəfində maqma ilə örtülmüş tutqun Ay dənizləri, qədim parlaq kristal yaylaqları və zərbə kraterləri vardır. Ay Günəşdən sonra Yerdən görünən ən parlaq ikinci kosmik cismdir. Yerdən parlaq ağ rəngdə görünməsinə baxmayaraq Ayın səthi əslində tutqundur. Ayın Günəş işıqlarını əks etdirməsi sadəcə aşınmış asfaltın göstəricisindən bir az çoxdur. Göydə qabarıq şəkildə görünməsi və fazalarının nizamlı şəkildə təkrarlanması səbəbindən Ay qədim dövrlərdən bəri mədəniyyətlərə önəmli şəkildə təsir göstərmiş, müxtəlif xalqların təqvimində, incəsənətində və mifologiyasında mühüm yer tutmuşdur.
Ayın cazibə qüvvəsinin təsirindən Yerdə qabarma və çəkilmə hadisəsi baş verir və günün uzunluğu cüzi də olsa artır. Ay ölçülərinə görə Günəşdən çox kiçik olsa da, Yerlə müqayisədə hər iki cismin uzaqlıq fərqi səbəbindən Günəş tutulması adlanan Ay diskinin Günəş diskini tam örtməsi hadisəsi baş verir. Ay tədricən Yerdən uzaqlaşdığı üçün uzaq gələcəkdə Yerdən görünən ölçüsü kiçiləcək və tam Günəş tutulması baş verməyəcəkdir.