Müdrik qadının proloqundan bir hissə. (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

28fc08a3-e0a6-43c3-a747-1a34518ecfe9.jpg

Axşamınız xeyir, qrup əhli! Necəsiniz?
Bu gün üçün guya hazırlaşırdım yarışma postunu yazmağa. Səhərdən arxiv fotolarımı qurddaladım, xeyli şəkil çıxartdım ortalığa, di gəl evdəki bəzi iş-güc səbəblərindən yazımı düz-qoş etməyə vaxt qalmadı. o post qaldı sabaha)
Amma əliboş gəlməmişəm ha)
Əvəzində yeni bitirdiyim kitabın proloqundan bir hissə ilə gəlmişəm)
Ümid edirəm, bəyənəcəksiniz)

🌺🌺🌺
Hər kəsin diqqətindən uzaqlaşıb dənizin sahilinə qaçırdı. Axır vaxtlar çox darıxırdı. Kədərli üzünü dalğalardan belə gizləyir, buludlarla göz-gözə gəlməkdən qaçınırdı.
Gənc qıza elə gəlirdi ki, dənizin sahili sehrli qapıdır, ora çatınca zərif çiyinlərində daşıdığı yükün ağırlığını nisbətən yerə buraxır, çəkdiyi əziyyətdən az da olsa xilas olurdu.
Bir dəfə sahildə onu adı ilə çağırdılar. Dalğaların səsindən xəyal dünyasının dolanbaclı yollarında dolaşdığından oyanmaq istəmədi, bu səbəbdən çağırışa əhəmiyyət vermədi. Amma səs təkrarlanınca, həm də yaxından eşidilincə diksindi. Oturduğu daşın üstündən qalxdı və qəribə paltarlı, heç kimdə görmədiyi saç rəngi və dalğalı saç düzümü, yaşından xeyli gənc göstərən bədən quruluşu, işım-işım işıldayan çöhrəsi və ecazkar baxışları ilə ona yaxınlaşan qadını gördü.
“Kimsiniz?”
Qadın dinmədi.
Yenə:
“Kimsiniz?”
Səs yoxdur. Amma qadın onu başdan ayağa süzür, baxışları ilə sanki gənc qızın həyatının fotosurətini çıxarırdı.
Gənc qız bu qəribə və əsrarəngiz qadının baxışlarından istiliyə bənzər xoş nələrinsə ona doğru axdığını hiss elədi. Amma tam olaraq nə baş verdiyini kəsdirə bilmədi.
Sonra nə oldusa, qadın birdən-birə dönüb getdi. Gedişi ilə həmin xoş istilik də çəkildi. Əllərini uzadıb qadına nəsə deməyə çalışan gənc qızın elə bil dili-ağzı tutuldu. Ürəyində “Zalımın qızı, heç olmasa bir kəlmə desəydin” sitəmini edərkən göy üzü qəfildən qaraldı, şimşəklər çaxdı, aləm bir-birinə dəydi. Qadın geriyə çevrilib gözəl çiyinləri üzərindən “Qayıdacağam!” dedi.
Bütün bunlardan təsirlənən gənc qız az sonra özünə gəldi, baxdı ki, nə qadın var, nə də bayaqkı göy gurultusu.
🌺🌺🌺

Belə) Davamını kitab çap olanda oxuyarsınız, İnşallah)

@ceylanmumoglu

Coin Marketplace

STEEM 0.27
TRX 0.12
JST 0.031
BTC 57254.26
ETH 2887.51
USDT 1.00
SBD 3.60