Lu Salome

in Steemit Azerbaijan☪✔3 years ago

1886-cı il. Almaniya. Berlin kafelərindən biri.
Hər kəsin diqqətindən uzaq masaya çəkilmiş cütlük. Kədərli üz ifadələri. Gənc qadın sakitcə nəsə deyir. Kavaleri fikirli-fikirli saqqalının tüklərini didir. Sonra kavaler tamamilə asta hərəkətlə masanın üzərindəki bıçağı götürüb sinəsinə saplayır.
Kafedəki qadın XIX əsr intelektuallarının “Lilit”i Lu Salome, kavaleri isə gələcəkdə onun əri olacaq şərqşünas alim Fridrix Andreasdır.


1778ca90-73d9-4d27-9744-181c8143d36c.jpg

Dahilərə həm sarsıdıcı, həm də ilhamverici təsiri ilə yaddaşlarda qalan, cəsarət və azadlığı ilə dövrünün bütün tabularına meydan oxuyan, özünəməxsus sevgi anlayışı, təkcə fiziki yox, həm də ruhi birgəliyin tərəfdarı olan - rus əsilli psixoanalitik və yazıçı Lu Salome!
12 fevral 1861-ci ildə Sankt-Peterbuqda saray meydanının baş qərərgahında general Qustaf fon Salomenin evində "qismətinə bütün dünyada məşhurlaşmaq, vətənindəsə unudulmaq yazılmış" bir qız dünyaya gəlir. Beş qardaşın sonbeşik bacısı Luizanı atasının sevimlisi olduğu üçün hamı Lyola çağırır. Evdə həm fransızca, həm də almanca danışılsa da, general rus vətənpərvəri olduğundan Lyolanı da rus mədəniyyətinə yaxınlaşdırmağı bacarır. Sonralar Lu xatirələrində yazır ki, biz özümüzü nəinki "rus xidmətində hiss edir", həm də "rus kimi" hiss edirdik. İngilis dilli məktəbdə təhsilə başlayan Lu tezliklə oranı tərk eləyir və atasının köməyi ilə öyrənməyi evdə davam etdirir. Fəlsəfəni, ədəbiyyatı və tarixi öyrənmək həvəsi ilə aşıb-daşan Luya atasının səbri də kömək edir və Lu gələcəkdə onda möhkəm xarakter (fateh füsünkar qadın) formalaşmasına səbəb olan daimi oxuyub öyrənmək vərdişinə yiyələnir.

14239987159885.jpg

16 yaşında kilsə dərslərinə qatılmağa başlayır Lu Salome. Mühafizəkar keşiş Daltonun doqmatizmini bəyənmir, onun fikirlərinə qarşı çıxır. Buna baxmayaraq xəstə atasına olan sevgi və hörmətinə görə dəsrlərə qatılmağa davam edir. Lu haqqında "Bu qızda ruhun vaxtından əvvəl yetkinləşməsi var" deyir Dalton və Lunun onun dərslərinə uzun zaman xərcləməyəcəyi aydınlaşır.
17 yaşında ailəsindən gizli holland keşişi Henrix Qiyonun vəzlərini dinləməyə qatılır Lu Salome. Bu görüş onun həyatında böyük dəyişikliyə səbəb olur. Zehnindəki uşaqlıq xəyalları ilə reallıqda gördükləri şeylər bir-birinə dolaşır gənc qızın. Lu Qiyonu taleyin ona göndərdiyi hədiyyə adlandırır. Qiyonun şəxsiyyətinin təməlində duran biliklərə qibtə edir, həmin dərin biliklərə aşiq olur. Bir il ərzində Qiyodan hollnad dilini, fəlsəfəni, din tarixini öyrənir, Kant və Spinoza haqqında mühazirələrini dinləyir, Qiyonun müdrikliyinə heyran olur Lu. Özündən yaşca böyük keşiş Qiyoya olan sevgisi səmavi gözəllik, ideal harmoniya, gözəgörünməz güc, dairəvi bir-birinə ötürülən enerji olur Ludan ötrü. Keşişsə özü Luya vurulur və onunla evlənməkdən, birgə yaşamaqdan ötrü ailəsini, iki uşağını atmağa hazır olduğunu deyir. Hətta iş o yerı çatır ki, qızla evlənmək üçün Lunun anasından icazə istəyir Qiyo. Lakin birgə yaşamaq, bərabər qocalmaq Lu üçün yolverilməz olur. Ona görə də Qiyonun evlilik təklifini rədd edir. 1879-cu ildə Lunun atasının ölümü də onların ayrılığını gücləndirir. Ancaq uzaqgörən adam olduğundan Lunun yaddaşında xoş izlər buraxmaq qərarına gəlir Qiyo. Onun xaricdə təhsilini davam etdirə bilməsi üçün sənədlər almasına kömək edir. Beləcə, Lu sonralar gəncliyinin bu arxetip hekayəsinə xəyalən tez-tez qayıdır, yaşadığı təcrübəni həzm edərkən özünü anlamağa çalışır, hətta Karl Fridrix Andreasla nigah kəsmək üçün etibarını qazanmış Qiyoya yenidən müraciət edir.

401px-Nietzsche_paul-ree_lou-von-salome188.jpg

1880-ci ildə ilahiyyat və sənət tarixini dərindən öyrənir Lu Salome. Səhhəti də pisləşir, ağciyərləri ona narahatlıq yaşadır. Sağalmaq üçün anası ilə birlikdə Romaya gedir Lu, anasının yaxın dostu, o dövrdə İtaliya inqilabçılarından olan Malvida von Meyzenburqun evində qalır. Meyzenburq həm Paul Rinin, həm də Nietsşenin dostu olduğundan bir gün Meyzenburqun evində positivist filosof Paul Ri ilə görüşür. Həmin axşam Paul Ri aşiq olur Lunun ehtiraslı söhbətlərinə, dərinliyinə, ağlına, sevimliliyinə... Növbəti gün Ay və ulduzlarla işıqlandırılmış Roma küçələrində əl-ələ addımlayır cütlük. Gəzintilərdən və bir-birilərindən aldıqları xoş təəssüratlardan başları gicəllənmiş gənclər tezliklə plan hazırlayırlar. Lunun anasının qızını Sankt-Peterburqra qaytarmaq cəhdləri baş tutmur. Çünki filosof Paul Ri onun qızına evlənmək təklifi edir. Lu isə Riyə sadəcə dost kimi bir yerdə yaşaya biləcəklərini söyləyərək təklifi qəbul edir. Ludan ötrü başını itirmiş filosof Ri çarəsiz halda təkliflə razılaşır. Təki uzaqlaşmasın bu sirli qadın, təki onu itirməsin və qarşı dayanılmaz cazibəsindən mərhum olmasın...
Çoxdankı xəyalı həyata keçir Lunun. Hamı tərəfindən qəbul edilmiş qaydaların çeynənməsi, öz istədiyi kimi yaşaması; məclislər, dostlar, qaynar müzakirələr, fəlsəfi söhbətlər və tez-tez yuxusunda gördüyü kitablarla, çiçəklərlə bəzədilmiş iş kabineti... Luya görə, əsil xoşbəxtlik...
Doğrudan da Paulla olan beş illik birgə yaşayış gözəl yuxu olur Lu Salome üçün. Həmin yuxunun içində Lunu öz azadlığında daha üst mərhələyə daşıyan biri də qatılır bu birgə yaşayışa, yuxu daha da mistik havaya bürünür. Lu Salome Paul Rinin vasitəsilə "öz vətənində də qərib, ən qəribə adamlar içərisində belə qəribə" filosof, fantastik nəhəng - Fridrix Nitsşe ilə tanış olur. Nitsşe Riinin də iştirakı ilə bəzən isə ikisi bir yerdə Salome ilə gəzintilərə çıxır və fəlsəfi inamının qıza da sirayət eləməyə çağırır. Nitsşe Salomeyə deyir ki, Zərdüşt heç bir zaman doğulmayacaq oğludur. Doğulmamaq Zərdüşt üçün kifayət qədər şanslı idi, sadəcə belə bir adla yaşamağın çətinliyinə görə deyil. Beləcə, Salome (21 yaş), Rii (33yaş) və Nitsşe (38 yaş) cinsəl piramidaya düşürlər. Nitsşe də Rii kimi bu rus qızının ruhuna vurulur. Lunun mehriban əllərindən dünya və uşaq səadətinin son damcılarını dadır. Nitşe heyranı olduğu bu qadına evlilik təklif edir və eyniylə Paul Renin aldığı cavabı eşidir. Evlilik olmaz, amma dostluq edə, eyni damı paylaşa bilərlər. Luzerndə çəkilən bir foto bu üçbucağı təsvir edir. 38 və 33 yaşında iki bakirə kişi at arabasına söykənib. Arabada isə əlində qırmanc olan 21 yaşında cismanı gözəlliyin ən cazibədar çağında olan bir qadın. Lakin Salome, Ri ve Nitsşe üçbucağı arasındakı birgə yaşayış planladıqları kimi yaxşı olmur, Nikosiyadakı bir binada 3 həftə birlikdə qaldıqdan sonra dostlar ayrılırlar.
Lu öz əlçatmazlığıyla hər iki filosofda dərin iz qoyur. Bu əlçatmaz ulduzun xiffətini çəkərkən Paul Ri az qala intihar edir, Fridrix Nitsşe isə “Zərdüşt belə deyirdi” kitabını yazır. Paul, Lu, Nitşe üçbucağı dağılır. Lu tezliklə Pauldan da uzaqlaşır. Beləliklə, hər iki kişi üçün ziddiyyətin təcəssümünə çevrilir Lu Salome - yüngülməcaz və ciddi, səfeh və müdrik, narahat və rahat, dəcəl və dərin, Cin və Mələk, XIX əsr intelektuallarının “Lilit”i...

salome-5-600x366.jpg

1887-ci ildə Lunun həyatında qəribə hadisə baş verir. Əlçatmazlığı ilə dövrünün intellektuallarının ağlını başından alan Lu Salome rədd cavabı eşidəcəyi təqdirdə özünü öldürəcəyini deyən və Lunun gözü qabağında bıçaqla sinəsini yaralayan növbəti aşiqinə - şərqşünas alim karl Fridrix Andreasa ərə getməyə razılıq verir. Yalnız bir şərtlə! Cütlük arasında heç bir kişi-qadın yaxınlığı, intim münasibətlər yolverilməzdir. Lu Salome bu prinsipinə axıra qədər, düz qırx il sadiq qalır və şərtin pozulmasına yol vermir. Hətta ərinin qulluqçu ilə yaxınlığına, qulluqçunun ondan uşaq doğmasına belə razılaşır. Bu anormal evlilik münasibəti Lunun müxtəlif adamlarla qısamüddətli eşqləri sayəsində daha da qəribələşir.
Lu Salome ilə Fridrix Andreas arasında evlilik müddətində nələr olmur, nələr... Ludan 11 yaş böyük olan məşhur siyasətçi Qeorq Ledebur bu füsunkar qadının fatehinə çevrilmək arzusuna düşür. Bu səbəbdən onu ərinin elindən alıb özü evlənmək istəyir. Lakin Andreas bunu biləndə yenə bıçağa əl atır. Lu qaçıb Parisə gedir.
Əkscins nümayənədələrinə özünü tamamilə həsr etmək istedadına malik olan, bu təsirdən qarşı tərəflərin mənəvi alovlanmasına gətirib çıxaran, valehedici səmimiyyəti, sevilən kübarlığı ilə kişilərin ağlını başından alan, öz sevgisi ilə onların ayağını yerdən üzən və sonsuz özünəinam aşılayan güclü qadın - Lu Salome!
Lunun azad düşüncəsi və düşüncəsinə uyğun həyat tərzi ilə özünün güclü təsir dairəsinə saldığı növbəti intellektual Rayner Mariya Rilke olur. 1897-ci ildə tanış olur cütlük. Rilke Nitsşe haqqında kitab yazan və o zamana qədər artıq "Rut" povestini də işığa çıxaran bu "məşhur yazıçı" nı gömək arzusu ilə alışıb yanır. Lu Salomedən 14 yaş kiçik olan Rilkenin münasibətdə olduğu çox qadını olsa da, Luyu görən kimi hamısına qarşı bir anda soyuyur. Lu üçün “tək gerçəkliyim” deyən Rilke Lunun simasında bir gənc kimi ana qayğısı görür, özünə sığına biləcəyi bir yuva tapır. Rilke Lunun özünəinamına o qədər aşiq olur ki, ən gözəl şeirlərini onun üçün yazır. Lu da öz növbəsində Rilkenin bu təmənnasızlığını, iddiasızlığını və ucsuz-bucaqsız eşqini dəyərləndirir, Rilkeni öz vətəninə, uşaqlığının ölkəsinə - Rusiyaya aparır, Yasnaya Polyanada Lev Tolstoyla görüşdürür, rus dilini öyrədir, onu keçmişinə, uşaqlığına buraxır, ruhuna toxunmağa icazə verir. Rilke Luya olan eşqini şeirlə ifadə edir:

Sənsiz həyat yoxdu mənə dünyada,
Kar olsam da, səsin düşəcək yada.
Gözlərim kor olsa görəcəm yenə,
Ayaqsız da qalsam, çatacam sənə.

Andım - dodağımda, tutulsa dilim,
Qəlbimlə qucaram, kəsilsə əlim.
Ürəyimi qırsan - beynim döyünər,
Sənin şəfqətinlə hər an öyünər.

Rusiyadan səyahətdən qayıtdıqdan sonra hər şey dəyişir. Rilkenin çılğınlığı, qısqanclığı, aşırı romantikliyi Lunu yorur və o, Rilkenin hislərini "Bülbül sevgisi" adlandırır. Çox keçmədən Lu məşhur həkim Fridrix Pinelslə münasibətlərə başlayır, Rilke isə rəssam Klara Vestxofla yaxınlaşır.
1911-ci ildə İsveç psixiatrı Paul Byer Andreas Salomeni Ziqmund Freydlə tanış edir. Freyd və Lu dostlaşırlar. Öz biliyi və təbiiliyi ilə Freydi heyran qoyan Lu narsizm mövzusunda araşadırmalar etmək istəyir. Freydlə olan məktublaşmaları Lunun psixoanalitik kimi təkmilləşməsinə səbəb olur. Lu Freydin qızı Anna ilə birgə uşaq psixologiyası haqda kitab yazır. Lunun "Erotika" kitabı ilə tanış olan Freyd onu belə tərif edir: “Qorxunc bir zəka... Onun yanına yaxınlaşan hər kəs varlığının səmimiyyətindən və mehribanlığından çox güclü bir şəkildə təsirlənirdi; qadınlara xas zəifliklərin heç birinin, hətta insani zəifliklərin belə çoxunun onda olmadığını, həyatı boyu bunları aşmış olduğunu görərdi".
1930-cu ildə qəribə və anlaşılmaz evlilik münasibətində olduğu 84 yaşlı əri Fridrix Andreas vəfat edir. Bundan sonra Lu Qettinqeni tərk etmir. Sakit və bir az da yuxuya qərq olmuş bu evdə, solğun divarlar və rəngsiz döşəmələrlə bilikdə sona çatmaq istəyir. Yanında növbəti aşiqi naşir Ernst Pfayfer var. Lunun əlindən tutub, ona Karl Yunqun yeni kitabı haqqında danışır. Bir də Mariya var, Fridrix Andreasın nigahdan kənar qızı. Lu Salome onlara baxaraq gülümsəyir və tamamilə sakit səslə: "Bütün ömrüm boyu işlədim və işlədim. Nə üçün?" son sözlərini deyərək gözlərini yumur.

s-cf64f64bbe58dc561ab0623b1302b1f3db10c6d2(1).jpg

1886-cı il. Almaniya. Berlin kafelərindən biri.
Hər kəsin diqqətindən uzaq masaya çəkilmiş cütlük. Kədərli üz ifadələri. Gənc qadın sakitcə nəsə deyir. Kavaleri fikirli-fikirli saqqalının tüklərini didir. Sonra kavaler tamamilə asta hərəkətlə masanın üzərindəki bıçağı götürüb sinəsinə saplayır.
Kafedəki qadın XIX əsr intelektuallarının “Lilit”i Lu Salome, kavaleri isə gələcəkdə onun əri olacaq şərqşünas alim Fridrix Andreasdır.
1937-ci il. Almaniya. Qettinqen.
Nəhayət, cütlük eyni yataqdadır. Məzarda...

Müəllif: @ceylanmumoglu 🤗

İmage
İmage
İmage
İmage
İmage

Sort:  

Məncə hər cütlüyün sonu məzar olmalıdı .

 3 years ago 

Fəlsəfi baxsaq, hamımızın sonu oradır))

Eyni məzar ... bu tamam ayrı düşüncədi

 3 years ago 

Əlbəttə 🙂

Coin Marketplace

STEEM 0.16
TRX 0.13
JST 0.027
BTC 59056.49
ETH 2597.22
USDT 1.00
SBD 2.44