Narazı qonşu.

in #az6 years ago

Həlimə qapını açıb küçəyə çıxdı, hava çiskinli idi, o, bir tərəfi azca əyilmiş güllü çətirini açdı və yavaş-yavaş iş yerinə tərəf irəliləməyə başladı. Onun evi kəndin girəcəyində yerləşirdi, hətta demək olar ki kəndə girəndə ilk görünən iki evdən biri Həliməgilin evi, o biri isə qonşusu Bəstinin evi idi.
Həlimə, uzun illər idi ki, kənd kitabxanasında işləyirdi, Bəsti isə xəstəxanada tibb bacısı idi. Onlar çox vaxt səhərlər məhlədə rastlaşır və 15-20 dəqiqəlik yolu bir getməli olurdular. Yaxın qonşu olsalar da, bir-birlərini yalnız səhərlər görürdülər.Həlimənin Bəstidən elə də xoşu gəlmirdi, amma rastlaşanda geri dönə, yaxud yolunu dəyişə bilməzdi . Bəsti ona heç bir pislik etməmişdi, qonşu kimi də ziyansız, sakit adam idi, amma qəribə bir xasiyyəti var idi.
Səhərlər Bəsti üzünü elə turşudardı, elə sızlayıb ağlayar, elə gileylənərdi ki, deyərdin görən nolub, əslində isə ciddi bir şey baş verməzdi, bu zalımın xasiyyəti beləydi.
İndi də rastlaşan kimi sifətindən nifrin yağan Bəsti salamsız kalamsız elan etdi ki, bu dəqiqə yerə yıxılıb öləcək! Həlimə bu söhbətlərə artıq alışmışdı, ona görə heç tükü də tərpənmədi, ağızucu soruşdu ki,"Nolub?" "Nolacaq, ölürəm, deyəsən ciyərim şişim, ya da məncə başımda pis xəstəlik var, çünki ürəyim bulanır"
Həlimə öz aləmində bu iki orqan arasında əlaqə yaratmaq istəsə də bacarmadı. Yadına düşdü ki, dünən Bəsti bir gözünün görmədiyindən şikayətlənirdi, deyəsən, bu artıq onun yadından çıxmışdı. Niyabətlikdə bu qadının fantaziyası o qədər güclü idi ki, o, tibb elminə hələ məlum olmayan xəstəliklərə tutula bilərdi, və az bir vaxtdan sonra da bunu unudub, yenisini uydurardı.
Bəsti Həlimənin əlində çətiri görüb yenə sızladı:"Gərək gedim Tapdığın dükanından bir nisyə çətir alım, neyniyim imkanım yoxdu, çatdıra bilmirəm."
Bəstinin fantaziyaları yalnız xəstəliklərlə çərçivələnməzdi, o, narazılıq etməyə həmişə nəsə tapırdı. Payızda yağışdan, qışda qardan, yayda günəşdən sikayət edirdi. Həlimə bu şikayətləri artıq ciddiyə almaz, sakitcə qulaq asardı, çünki başqa əlacı yox idi. Bəzən qonşusunun mənasız sikayətləri ona gülməli gəlsə də, özünü birtəhər saxlayar, gülməzdi. Çünki Bəsti hər dəfə gileylənəndən sonra qonşusunun üzünə diqqətlə baxardı ki, görsün onun qanını qaralda blib ya yox?
Onun məqsədi yalnız kiminsə qanını qaraltmaq deyildi, bu qadın bəd danışmaqdan, dərdli, kasıb və yazıq görünməkdən zövq alırdı. Əslində o, kənddə çoxlarından yaxşı dolanırdı, əri daş ustası idi, il uzunu kiminsə qapısında işləyir və heç də pis qazanmırdı. Qızları ikisi də ali təhsil almışdı, biri fizika, digəri riyaziyyat müəlliməsi idi, oğlu da tələbə idi. Dörd otaqlı kürsülü evi, həyətində toyuq-cücəsi, yaxşı bağ-bağatı vardı. Amma həmişə kasıblıqdan dəm vurar, kimi görsə həyatdan, havadan, insanlardan, heyvanlardan-bir sözlə hər şeydən narazılıq edərdi. Ona görə də kənddə heç kim onunla yaxınlıq etmək istəmir, hamı ondan qaçmağa çalışırdı.
Bəstinin görkəmi də xasiyyəti ilə həmahəng idi.
Kənd Bəsti haqda maraqlı əhvalatlar danışardılar. Daha doğrusu öz danışdığı hadisələra camaat bir az da bəzək düzək vurub danışıb gülərdilər.
Amma bir səhər Həlimə özünü tuta bilmədi, əvvəlcə dodağı qaçdı, sonra da qəhqəhə çəkib güldü. Bir neçə ay əvvəl səhər tezdən Bəsti yenə halından gileylənirdi, cavanlığında çəkdiyi "müsibətlərdən" danışırdı. Hə, söhbətin o yeri idi ki, Bəstigil ev tikiblər və evi boyamağa iri, əməlli başlı boya fırçası olmadığına görə, Bəsti evi pomozokla-yəni ərinin üzqırxan fırçasıyla boyayıb. O boyda evi pomozokla, təsəvvür edirsinizmi? Dəhşətdir...
Bəsti bunu danışandan sonra bir ah da çəkdi, çünki bu yerdə ah mütləq olmalı idi. Həlimə pomozok sözünü eşıdəndə daha dözə bilmədi, yazıq qəşş eləmişdi gülməkdən. Qonşusu pərt oldu və" Gör mən öz ruzigarımı kimə danışıram" deyib ağlamsındı.
Bu söhbətdən sonra Həlimə düşünürdü ki, bəlkə qonşusu onu ciddi qəbul etmədiyini hiss edib bu vərdişindən əl çəkə, amma yeni şıkayətlər, xəstəliklər, sonu faciə ilə bitən mənasız və yersiz hekayələr davam etməkdəydi.
Bir ara Həlimə bu yorucu qonşu ilə rastlaşmamağa çalışdı, səhər ya tez, ya da bir az gec çıxdı evdən, amma Bəsti ya qaçıb arxadan ona çatardı, ya da tez-tez geri boylanıb, Həliməni görən kimi ayaq saxlayıb onu gözləyərdi.
Yay gəldi, Həlimə çoxdan gözlədiyi bir aylıq məzuniyyətə çıxdı, istirahət etməyə bir yerə gedə bilməsə də, evdə ailəsi, üsaqları ilə birlikdə yaxşı dincəldi, yığılıb qalmış işlərini gördü. Bəstini bu bir ay ərzində bir neçə dəfə kənddə xeyirdə-şərdə görmüşdü. Əslində Bəstini toyda da, yasda da həmişə eyni əhvalda və eyni əyin-başda görərdin. O, hər yerə, kasıblıq və yazıqlıq qoxan bozarmış paltarlar və turşumuş sir-sifətlə gedərdi.
Həlimə bilirdi ki, qonşusu yayı işləsə də, həftəsonları uşaqları ilə birlikdə ərinin "Niva"sına doluşub, rayonlara gəzməyə gedir, yayı yaxşı keçirirlər. Düsünürdü ki, yəqin üz-üzə gələndə onu gümrah və qırışığı açılmış görəcək.
Sentyabr ayı gəldi, Həlimənin məzuniyyəti bitdi, bir aylıq istirahətdən sonra kefi kök vəziyyətdə işə tələsirdi. İşdəki qızların söhbətləri üçün darıxmışdı, bilirdi ki, kəndin bütün təzə xəbərlərini bu gün eşidəcək.
Qapıdan çıxan kimi Bəsti ilə üzləşdi, sanki qonşusu bütün yayı onu burda dayanıb gözləyirmiş. Həlimə gülümsədi, araya şüxlüq qatmağa çalışdı, amma Bəstinin üzü yenə də tutqun idi. O, yayı necə ağır keçirdiyindən, bəzi bəxtəvərlər evdə oturub dincələrkən özünün heyvan kimi işləməsindən, böyrəyindəki daşlardan şikayət etməyə başladı...
Həlimə başa düşdü ki, bu qadının əlindən canını yalnız burdan köçməklə qurtara bilər...

Sort:  

Source
Please be mindful of country-specific tags. These tags are for articles written in that countries language or about that country.

More information:

The Game of Tags

Bir bağlantı yoxdu, amma hekayəni oxuyanda Yuxu filmindəki süd, qatıq satan arvad gəlir gözümün önünə, o öz halından gileylənmir, amma qarışqani fil edir. İnsan düşünür ki, görəsən başqa ölkələrdə də belə şeylər var?))

Əlbəttə, xarici filmlərdən də görürük ki, eyni xarakterli insanlar hər yerdə var. Bədbinlik bəzi insanların sanki hobbisinə çevrilib, bəziləri də göz qaytarmaq üçün belə edir.

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 63099.62
ETH 2555.59
USDT 1.00
SBD 2.83