Haqsız və ya haqlı.
Dünyada bütün ağrıları yaşayacaq qədər nə uzun ömürlüyük, nə də ruhən dözümlü. Amma insan ola biləcək qədər ömrümüz var. Nə zaman hiss edəcəyik? Axı insan olmaq əvvəlcə hiss etməkdən başlayır.
Başqa insanların ruhlarını anlamaq üçün vacib deyil ki, o şeyləri yaşayasan və ya mütləq şəkildə onun yerində olasan. İnsan əgər bütün duyğuları ilə yaranırsa bunu özlüyündə də empatiya ilə əlaqələndirə bilər. Yanmaq üçün mütləq deyil oda əlini atasan. Oda toxunsan yanacağını bildiyin üçün başqasının can ağrısına ürəyin yanır. Əgər biz ancaq başqalarının həyatını yaşamalı olsaydıq onları anlamaq üçün, gərək hər gün bir insan həyatı yaşaya, bir heyvan cildinə girə və ən haqsız insanın yerində də olardıq. O zaman insan özü kim olardı bəs? Düşünə bilmirsə, anlaya bilmirsə, duya bilmirsə insan kim ola bilər? Hətta robotlara belə duyğu yüklənməsi prosesi gedərkən başqalarını anlamaq üçün öz duyğularını korlaşdıran insan kimdir görəsən?