Uğurlu biri olmaq üçün lazım olan 6 şey || 22 ildə gəldiyim qənaətlər

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Bu vaxta qədər olan müşahidələrimdən, həyat təcrübəmdən və analizlərimdən belə nəticəyə gəlmişəm ki, bir insanın həyatda uğurlu, müvəffəqiyyətli və tam bir şəxsiyyət olması üçün bu insanın diqqət etməli olduğu 6 əsas şey var.

Bu sətirləri hazırda özümə xitabən yazıram, ümid edirəm birilərinə də faydalı olar.

pexels-gerd-altmann-21696.jpg
Link to Photos

Nədir bu 6 əsas məfhum?

1.Disiplin

pexels-engin-akyurt-1552617.jpg
Link to Photos

Mənə görə, bu həyata boş-boş gəlmədiyini düşünən hər bir kəsin həyatına daxil etməli olduğu ilk şey DİSİPLİN'dir. Disiplin açardır. Disiplin hər səhər yuxudan əzgin, bitkin oyanmağa rəğmən, yatağını yığmaq məsuliyyətidir.

Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələri Komandanının da dediyi kimi:"Dünyanı dəyişmək hər səhər yatağını yığmaqla başlayır".

Həyatımda quracağım gündəlik disiplin tələb edən xırda şeylər belə məni o çatmaq istədiyim son nöqtəni xatırladıb, məndən aslı olmadan məni oraya aparacaq. Mütləq aparacaq!

2.Qərarlılıq

pexels-olya-kobruseva-5238645.jpg
Link to Photos

Bu elə bir şeydir ki, disiplinsiz işləmir. Ola bilər ki, mən gündəlik həyatımda çox disiplinli biriyəm, amma qərarlı bir insan deyiləmsə, o disiplinlə etdiyim şeylər həmin gün içində batıb gedəcək və monoton bir döngüyə çevriləcək.

Bax burda qərarlılıq lazımdır. Mən müəyyən bir hədəf müəyyən etməliyəm, bu hədəf uğruna gündəlik həyatımı disiplinlə idarə etməli və həvsimi öldürəcək şeylərin hamısına yox deyib, bir nöqtədə QƏRARLI olmalıyam.

Əgər DİSİPLİN zəncirin halqalarıdırsa, QƏRARLILIQ həmin halqaları bir arada tutan görünməz bir bağdır, sicimdir.

3.Gördüyü işə olan ehtirası, sevgisi

pexels-burst-374068.jpg
Link to Photos

Gördüyün işi tam anlamıyla sevmək. Ona sənin idarə edə bilmədiyin, sözlərlə ifadə edə bilməyəcin ehtirasla bağlanmaq.

Bu ehtiras hissini son dəfə 9-11-ci siniflər aralığında yaşamışam. Bilirəm, o necə bir hissdir, necə bir ehtirasdır. Həmin vaxtlar universitetə hazırlaşırdım. Uşaqlıqdan bütün qiymətlərim 3-dən yuxarı qalxmazdı. Demək olar, heç vaxt lövhəyə çıxarılmazdım, çıxarıldığımda isə bəlli idi nə olacaqğı: gülüş hədəfi, acizlik duyğusu.Universitetə hazırlaşmaq qərarımı verərkən ətrafımdakı, demək olar, hər kəsin mənə olan aciz baxış açısını görürdüm. Üstəlik, 2 ilə 3-cü qrupdakı tarix kiblarını çatdırmayacağımı ətafımda hamı gözümdə böyütmüşdü.

Bilmirəm, necə oldusa, həqiqətən, o iki ili öyrənməyə olan sevgim, ehtirasım məni məndən tamam almışdı. Düşünün, uşaqlıqdan kitab oxumaq həvəsi içində yığılan, dini kitablarda bir şeylərə cavab axtaran, həmişə sinifin ən əziyi görülən, aciz biri... Nə bilim. Nə əziyyətlər, nə qürur hisləri yaşadığımı, hardan hara getdiyimi ancaq görənlər bilir.

Bax o dövrdə yaşadığım ÖYRƏNMƏYƏ OLAN ACLIQ, EHTİRAS ki var ha, hazırda onu axtarıram həyatımda. O elə bir şeydir ki, sənin bütün gündüzün çöpə getsə də, sən gecəni yatmayıb əvəzini çıxırsan. Hara gedirsən, get, beynin bir küncündə həmin işə olan sevgin sənə ilham verir, yenə evə gedib o işi edəcəm düşüncəsi belə zövq verir.

Bax belə.

4.Yaxşı çevrə, network'a sahib olmaq

pexels-pixabay-163064.jpg
Link to Photos

Yaxşı çevrənin önəmi çox böyükdür. Həyatımda hər zaman yaxşı çevrəm olub, buna səbəb olan, mənə sonsuz öyrənmə sevgisi verən Ana Təbiətə hər zaman borcluyam, təşəkkür edirəm. Öyrənməyə olan sevgim istər-istəməz həyatımın bütün dönəmlərində məni bir şeylər bilən insanlarla ünsiyyət qurmağa sövq edib.

Özü də öyrənmə dediyim şey, dərs falan da deyil ha. Mən kəndimizdə 70-li yaşlarda olan çobanla da danışanda, universitetdə 70-li yaşlarda olan bir professorla da danışanda ondan öyrənəcəyim şeyə fokuslanmışam həmişə, qarşımdakının statusuna yox. Hər halda hər ikisi məndən ən az 3 dəfə çox yaşayıb. Özlərinə məxsus bir şeyləri, həyat hekayələri, yaxşı bildikləri bir mövzuları var danışmağa. :)

Bax beləcə çevrəm həmişə bir şeylər öyrənə biləcəyim insanlardan ibarət olub. Boynuma alıram, bu mövzuda çox mənfəətciləm. :)

Yaxşı çevrə insana bir şeylər öyrədir, insan artıq bir bütünün parçası olur, çevrədəkilərdən birində yenilik olan kimi xəbərdar olursan, maraqlanırsan, bir uğur olan kimi, sən də həvəsə gəlirsən.

Bu arada, xatırladım ki, Steemit platforması mənə çox-çox dəyərli insanları tanıdıb, yeni bir çevrə qazandırıb mənə. Çox dəyərli ha! Var olun. :)

5.Ən az bir işi çox yaxşı bilmək, özünün ən yaxşı variantı olmağa çalışmaq

pexels-ivan-samkov-4458554.jpg
Link to Photos

Bax misal, mən də arzu edərəm ki, Mayamidə altımda Lamborgini gəzim, Hollywood aktyorları ilə, dünyaca məşhur futbolçularla bir masada oturub müzakirələr edim. Qısası, milyarder olum. Kim istəməz ki?

Bu vaxta qədər başa düşdüyüm bir şey varsa, o da budur ki, bu işin qısa yolu yoxdur. Yoxdur da. Hər şeydən əvvəl insan özünə sual verməlidir: mən buna layiqəmmi? Məndən soruşsanız, mən yox deyərəm. Axı mən onlar qədər əziyyət çəkməmişəm. Bu bir növ dərmanla bədən şişirtməyə bənzəyir, sistemlə vitamin almağa bənzəyir, beton yerinə qum üzərinə tikilən 5 mərtəbəli binaya bənzəyir.

Bəs bunun qısa yolu deyil də, buna aparan yol nədir? Gəldiyim nəticə odur ki, bu həyatda düzgün seçim etməli olduğumuz ən əsas şey məhz görəcəyimiz və gecəmizi-gündüzümüzü verəcəyimiz işdir. Belə deyirlər ki, bu həyatda iki şeyi düzgün seçməliyik, birincisi, iş, ikincisi, arvad. Boş şeydir. Ən əsas sevdiyimiz işdir. Avrat insandır, mənə görə, dünyada ən güvənilməz şey insan beynidir. :)

Əgər insan işini sevirsə, o işin ən yaxşısı olmaq bir qırağa, ən azından o işdə dünənki özündən daha yaxşı olmağa çalışırsa, mütləq, mütləqdir ki, pul da, şöhrət də, məşhurluq da, etibar da, hamısı sel kimi həmin insanın üzərinə axacaq.

İngilislər demiş:"Better than yesterday", yəni "Dünənkindən daha yaxşı". Bu olmaq lazımdır.

6. Özünə inam

pexels-peggy-anke-3827679.jpg
Link to Photos

Hazırda ən çox problemli olduğum, ən böyük zəifliyim məhz özümə olan düşük inam səviyyəmdir. Son vaxtlar özümdə inkişafı hiss edirəm.

ÖZÜNƏİNAM özü ilə birlikdə, cəsarəti, risk almağı, atılqan olmağı, özünəhörməti, öz varlığına dəyər verməyi gətirir.

Ola bilər ki, bir şəxsdə yuxarıda saydıqlarımın hamısı olsun, lakin əgər şəxsdə özünəinam yoxdursa, mütləq o şəxsin iş həyatında, çevrəsindəkilərin ona qarşı münasibətində, yeni şeylərə cəhd etməkdə, özünə hörmət qazanmaqda problemi olacaq deyə düşünürəm. Özümdən görürəm ən azından. :/

Özümə inanmaq lazımdır deyib, bu yazıya bir vaxt daha başqa hislərlə baxmaq ümidiylə postu yekunlaşdırıram!

Gözünüzdən keçib oxuduğunuz, vaxtınızdan keçib diqqət ayırdığınız üçün təşəkkür edirəm, gözəl insanlar! :)

Hörmətlə,

Kamran Azizov

Sort:  
 3 years ago 

Axıra kimi oxudum, ümumiyyətlə sənin yazılarını sonuna kimi oxuyuram. Diqqətlə oxuyuram. Sənin yazı yazma, öyrənmək istəyini nə bilim həyata baxışının qeyri-adi olduğunu düşünürəm. Bunun hardasa sənə bir gün uğur gətirəcəyini düşünürəm. Sən artıq uğurlu insansan. Bir balaca zamana ehtiyac var və qərar vermək bacarığını da düzəldirsən, olur bitir bu iş. Uğurlar, Kamran.

Coin Marketplace

STEEM 0.36
TRX 0.12
JST 0.040
BTC 70839.13
ETH 3563.41
USDT 1.00
SBD 4.77