Hardan gəlir bu Karantin??
Yəgin ki bu sözü hər birimiz illərdir bilirik. Amma bu sözü ən çox Covid 19 xəstəliyi dönəmində eşitdik. Gündəlik eşitdiyimiz istifadə etdiyimiz söz oldu karantin.
Bəlkə əlimizdə imkanımız olsa idi bu karantin sözünə karantin qoyardıq. Bu sözü o qədər eşitdim ki, sonunda bu söz nədir, kimlərdəndir, hardan gəlir deyə maraq doğurdu məndə. Deməli əksəriyyətimizə məlum olduğu kimi 1347-53 illərdə Avropa əhalisinin 30%-ni tələf etmiş və “Qara ölüm” adı ilə məşhur taun pandemiyası çox geniş yayılmışdı. Bu xəstəlik səbəbindən limanlarında nəzarət gücləndirilmiş vəziyyətdə idi. Həmin ərəfədə Xorvatiyanın Dubrovnik şəhərinin limanına gəlmiş gəmilər və onların şəxsi heyəti təhlükəsizlik məqsədi ilə otuz gün müddətində təcrid edilmiş məkanda saxlanılırdılar. Bu dövr ərzində artıq taunun simptomlarının üzə çıxacağı ehtimal edilirdi. Sonradan bu müddəti qırx günə uzatdılar və bu tədbirə italyanca karantin (əsli “quaranténa”), yəni “qırx günlük dövr” adını verdilər.
Beləcə, karantin orta əsrlərdən başlayaraq dünyada geniş miqyasda tətbiq edilməyə başlandı. Bugün də yoluxucu xəstəliklərə bulaşmış və ya bulaşma ehtimalı olan şəxslərin, heyvanların, yükün, malın və s. nəsnələrin müvəqqəti təcrid edilməsinə məhz “karantin” deyilir.