Vətənə borc
Yoldaşınız hamilə qalır və ya xanımsınızsa özünüz hamilə qalırsınız. Hamiləlik dövründə həkimlərə, aparatlara, dərmanlara, qidalara tökülən pullar, min bir əziyyətin hamısının maddi tərəfini özünüz ödəyirsiniz. Yaşadığınız ölkə, dövlət sizə 1 qəpik də pul və ya hər hansı tibbi yardım göstərmir ki, bu ölkə üçün "VƏTƏN" üçün uşaq, vətəndaş doğulacaq.
Uşaq dünyaya gəlir. Oğlan uşağı...
Məktəbə qədər olan mərhələdə onun qidasından, pampersindən, geyimdən, dəva dərmanından tutmuş xəstələnərkən hər hansı əməliyyatına qədər, baxçasının xərclərinə, ilkin təhsilinə qədər hamısını siz canınız çıxır ödəyirsiniz. Gecə gündüz boğazınızdan kəsib, əzabkeşliklə oğulunuzu üfürə-üfürə böyüdürsünüz. Və bütün bu proseslərdə dövlət sizə kömək etmir, heç sizin övladınızdan xəbəri belə olmur. O uşaq acından ölsə də, geyim tapmasa da, xəstələnsə də və.s dövlətin vecinə belə deyil. O balacanın varlığından dövlətin xəbəri yoxdu.
Orta məktəb. 11 il uşaq oxudursunuz. Paltarı var, dərs vəsaiti var, yaxşı təhsil vermək üçün özəl liseylərin aylıq ödənişi var, yenə də hər hansı xəstəlik, əməliyyat olarsa onun müalicəsi var, min bir dərdi səri olur böyüdükcə uşaqınızın...
1 dəfə də olsa dövlət qapınızı döyüb demir ki, gəl bu "VƏTƏN" üçün böyüyən bu uşağa, bu vətəndaşıma bir qələm alım verim heç olmasa.
18 il oğulunuza tökdüyünüz xərci, çəkdiyiniz əziyyəti, yaşadıqlarınızı oturub qayğılı-qayğılı fikirləşirsiniz ki, birdən qapı döyülür və bu 18 ildə qapınızı 1 dəfə belə döyməyən dövlət, "VƏTƏN" gəlib deyir ki, oğlunuz əsgər getməlidir, vətən borcunu yerinə yetirməlidir...
Deyə bilmirsən ki, vətənin mənim oğlumun bu vəziyyətə gəlib çatmasından xəbəri yoxdu. Dövlət mənim övladımın böyüməsi üçün 1 qəpik pul xərcləməyibsə, o uşağın vətənə nə borcu ola bilər?